“TEKNOFEST AZƏRBAYCAN" festivalında Möhtərəm Prezidentimiz
İlham Əliyevin tarixi çıxışı Azərbaycan – Türkiyə qardaşlığının əbədi olduğunu
bir daha sübut etdi.
Prezidentimiz yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan
xalqının ilk dəfə Xalq Cümhuriyyətini qurmasından, iki ildən sonra bu Cümhuriyyətin
süquta uğramasından, Azərbaycanın öz müstəqilliyini itirməsindən bəhs etdi.
30 illik müstəqillik tariximizdən, xalqımızın öz müqəddəratını həll etməsindən və
bu illər ərzində türk qardaşlarımızın daim bizim yanımızda olmalarından söhbət
açdı.
Prezidentimiz Türkiyə Prezidenti hörmətli
Rəcəb Tayyib Ərdoğanla sıx əlaqə saxladıqlarını, daimi məsləhətləşmələr
apardıqlarını qeyd etdi. Türkiyə və Azərbaycan bölgədə sülh, əminamanlıq, barış olmağını istəyir və bu siyasəti davam
etdirir.
Xalqlarımız daim çiyin-çiyinə düşmənlərə, yəni ermənilərə qarşı vuruşmuş, birgə mübarizə aparmışlar. 1918-ci ilin
sentyabrında Bakını ermənilərdən təmizləmiş, Azadlıq meydanında Türkiyə və Azərbaycan
əsgərləri hərbi parad keçirmişlər. Tarix təkrar olunur. Bunun təkrarını biz
2020-ci ildə Zəfər paradında gördük. Bu bütün dünyaya verilən aydın mesaj idi
ki, biz bir yerdəyik, biz bir yerdə olacağıq, gücümüz gündən-günə artacaq.
Keçən il iyunun 15-də Milli
Qurtuluş Günündə hörmətli Prezident Rəcəb
Tayyib Ərdoğanla Şuşada olmalarından, “Şuşa Bəyannaməsi”ndən fəxarətlə danışdı.
Möhtərəm Prezidentimiz bu gün
“TEKNOFEST”in bizim birliyimizin növbəti nümunəsi, təzahürü olduğunu
vurğuladı. Bu, bilik, elm, texnologiya bayramının hər iki ölkənin gənclərinin
bir-birinə yaxınlaşmasına, tanımasına və gələcəkdə də bir yerdə olmalarına kömək
edəcəkdir.
Türk dünyasının böyük oğlu, dünya şöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Səncərin
də“TEKNOFEST”in fəxri qonağı olduğunu
qeyd etdi.
Səlcuk Bayraktarı səmimiyyətlə
salamlayan Prezidentimiz “Bayraktar” PUA-larının
İkinci Qarabağ müharibəsindəki rolunu xüsusi qeyd etdi. Artıq bütün dünyada “Bayraktar”dan və İkinci Qarabağ müharibəsindəki əzəmətli
Zəfər qələbəmizdən danışılır.
Prezident, Ali Baş Komandan İlham Əliyev
yekunda əmin etdi ki, bizim aramızdakı qardaşlıq bundan sonra daim yüksələn xətt
üzrə ancaq və ancaq irəliyə gedəcək.
Biz, təhsil işçiləri Ali Baş
Komandan, Ümummilli Liderimizin davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin
bütün nitqlərini diqqətlə dinləyirik.
Bizim üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə
çalışırıq. Gənclərimizin ağıllı, elmli, iti zəkaya malik olmaları üçün əlimizdən
gələni edirik.
Onlarda Vətən sevgisi, “Türk türkün
qardaşıdır, arxasıdır” fikrini
aşılayırıq.
Biz təhsil işçiləri, eləcə də bütün
Azərbaycan və Türk xalqı böyük Liderlərimizin sayəsində bu sevgini, qardaşlığı
qoruyacağıq!
Bir sözlə, Möhtərəm Prezidentimizin təbiri
ilə desək, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, dönməzdir və sarsılmazdır!
Yaşasın Azərbaycan və Türkiyə birliyi,
qardaşlığı, müttəfiqliyi!
Xudayar Quliyev,Xocalı rayon ziyalısı